Ümumiyyətlə, insanlar bir problemlə qarşılaşdıqları zaman səhvi öncə
özlərində deyil, qarşı tərəfdə axtarmağa meyillidirlər. Belə
düşündükləri təqdirdə, həqiqətən özlərini haqlı çıxarmağa çalışaraq
dəlillər də tapmağa cəhd göstərirlər. Və bu dəlillərə söykənərək
hadisələri və ya mövzuları birtərəfli olaraq yalnız öz tərəflərindən
qiymətləndirirlər.
Halbuki çox vaxt hər hansı bir hadisədə
hər iki tərəfin də haqlı olduğunu göstərəcək dəlil tapmaq çətin deyil.
Bəzən bir adam 100% haqlı ola bilər. Amma çox zaman 5%-lik bir nisbətdə
də olsa qarşı tərəfin də özünə görə haqlı olduğunu düşünə biləcəyi bir
səbəb vardır. Və bu 5%-lik bir hissə də onun tamamilə haqlı olduğuna
inanması üçün kifayətdir. Az da olsa əlində haqlılığına dair bir dəlil
olması digər tərəfin 95% haqlı olduğuna aid dəlilləri görə bilməməsinə
səbəb olur.
Bəzən də iki fərqli aspektdən yanaşıldıqda,
bir hadisənin iki fərqli görünüşü ola bilər.Hadisəyə bir tərəfdən
yanaşan insanın diqqətini çəkən detallar fərqli ikən həmin hadisəyə
digər tərəfdən yanaşan şəxsin fikirləri tamamilə başqa olur. Məsələn
bir adam uzaqdan baxdığında, birini yemək yeyərkən gördüyünü sanır.
Halbuki ortada bir göz yanılması var. Yaxından baxdığı zaman əslində bu
adamın yalnız yeməkdən bir qaşıq götürüb qoxuladığı və sonra yerinə
qoyduğunun fərqinə varır. Bəzən insanlar bu cür vəziyyətdə qarşı
tərəfin məlumatlarına sahib olmadıqlarından öz bildiklərində israr
edər və hətta digər tərəfi doğru danışmamaqla ittiham edə bilərlər.
Bəzən
də bir insan həqiqətən, tamamilə haqlı ola bilər. Amma buna baxmayaraq
qarşı tərəf bəzən qürur və böyüklənmə, bəzən nəfsini müdafiə etmək
arzusu, ya da hirs kimi səbəblərlə mövzunun əksini iddia edə bilər.
Burada
bir neçə misalla açıqlanan bütün bu vəziyyətlərdə ən gözəl olan
davranış insanın -hər şeyə baxmayaraq -doğruluğundan 100% əmin
olduğunda belə- səhvi əvvəl özündə axtaran bir üslub izləməsi lazımdır.
Bu, hər şeydən öncə Quran əxlaqının tələbidir. Yəni, təvazökarlığın,
yetkinliyin, səmimiyyətin, əmin-amanlığın və nəzakətin tələbidir.
İnsan nə qədər haqlı olursa olsun, qarşı tərəfi birbaşa günahlandıran
bir üslubdan istifadə etməməlidir. Allah möminlərə bir-birləri üçün
"sözün ən gözəlini söyləmələrini" bildirir və bu cür vəziyyətlə
qarşılaşarkən gözəl olan davranış qarşı tərəfi birbaşa təhqir etmək və
ya əsəbi bir üslubdan istifadə edərək haqlı olduğunu sübut etmək deyil.
Mömin mütləq təvazökar üslubla "mən səhv görmüş ola bilərəm", "yəqin
mənə elə gəlmişdir ", "mən unutmuş və ya yanılmış ola bilərəm", "səhv
xatırlaya bilərəm" və s. kimi səmimi üslublarla əvvəlcə ortadakı səhvin
səbəbini özündə axtarar.
Həqiqətən də insan acizdir. O
çox rahatlıqla unuda, yanıla, səhv xatırlaya, hadisələri, adları
bir-birinə qarışdıra bilər. Bu səbəbdən, aciz olduğu halda özünün
səhvsiz olduğunu iddia etməz.
Həmçinin mömin əxlaqında
nəzakət çox böyük əhəmiyyət kəsb edir. Bir mövzuda doğru olanı müdafiə
etmək qarşı tərəfi incitmək, narahat etmək, çaxnaşma və ya mübahisə
mühiti yaratmaq demək deyil. Mömin xatırlatma və ya tənqid etdiyi, ya
da həqiqəti dilə gətirdiyi zaman mütləq qarşı tərəfi ən az narahat
edəcək tərzdə, mühiti gərginləşdirməyəcək, sevgi dolu, nəzakətli,
mübahisə yaratmayan mülayim bir üslub seçməlidir.
Həmçinin
belə bir əxlaq göstərilərkən, yəni, haqlı olduğu zaman səhvi öz
üzərinə götürən adam təvazökar, sevgi dolu bir üslubla yaxınlaşarsa,
səhvi olan adam da qarşılaşdığı bu gözəl davranışdan utanıb eyni
təvazökarlıqla cavab verməyə cəhd edər. Belə bir əxlaqın yaşanması
nəticəsində səhvi olan adamın öz səhvini çox asan bir şəkildə görüb
qəbul etməsinə gözəl bir zəmin hazırlayır. Bu səbəbdən Müsəlman, əxlaqı
ilə gözəl bir nümunə göstərərək qarşı tərəfin də eyni əxlaqla hərəkət
etməsinə vəsilə olar. Hirsli olaraq, haqlılıq iddiasıyla mübahisə
etməklə qarşı tərəfə haqlı olmadığını göstərməkdənsə,bu səmimi əxlaqın
yaşanması Allahın diləməsiylə dasha gözəl bir nəticəyə vəsilə olar.
(Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! ( İsra surəsi 53 )
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! ( Fussilət surəsi 34 )
Hiç yorum yok:
Yorum Gönder